Fermerlər Laçın və Kəlbəcər yaylaqlarına Ağdərə yolu ilə gedəcək
Ölçü:


Kənd Təsərrüfatı Nazirliyi (KTN) tanınmış vəkil Əziz Qənbərlinin Laçın və Kəlbəcər yaylaqlarına köç edəcək fermerlərin üzləşdiyi çətinliklərlə bağlı müraciətini xüsusi nəzarətə götürüb. Qurumun rəhbər şəxsləri fermerləri saxta sənəd düzəltməyə məcbur edən qaydalarla bağlı məsələ qaldıran vəkili nazirliyə dəvət edərək onun şikayətlərini dinləyib.

Koordinat.az xəbər verir ki, bu barədə Əziz Qənbərli özünün "Facebook" səhifəsində məlumat yayıb. O, qeyd edib ki, dünən Kənd Təsərrüfatı nazirinin müavinləri Sarvan Cəfərov və İlhamə Qədimovanın rəhbərliyi ilə Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyevlə və digər məsul şəxslərlə görüşüb: "Fermerlərin problemlərini nazir müavini də Sarvan müəllim də qəbul etdi. O, bildirdi ki, bu məsələlər bir daha rəhbərliklə müzakirə edilərək nəticə barədə məlumat veriləcək".

Vəkil deyib ki, nazir müavinlərinin bilavasitə təşkilatşılığı və göstərişi əsasında keçirilən görüşdə Aqrar Xidmətlər Agentliyinin sədri ilə yanaşı nazirliyin hüquq idarəsinin, heyvandarlıq şöbəsinin, eləcə də mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri də iştirak edib. Söhbət əsnasında fermerlərin üzləşdiyi problemlər, o cümlədən fermer ailələrində 18 yaşından aşağı uşaqların işğaldan azad edilmiş ərazilərə buraxılmaması, heyvanlara baytarlıq xidmlərininə görə ödəniş tələb olunması, xüsusilə göstərilməyən xidmətlərə görə təsərrüfat sahibləri üzərində hər qoyuna görə 2 manat məbləğində ödəniş hesablanması və digər məsələlər nazirliyin rəhbər şəxslərinin diqqətinə çatdırılıb. 

Nazirliyin məsul şəxsləri bildiriblər ki, Laçın və Kəlbəcər yaylaqlarına köç edən fermerlərin işinin asanlaşdırılması üçün bu il bir sıra yumşaldıcı tədbirlər görülüb. Belə ki, yeni mövsümdə fermerlərin yük və minik avtomobillərinin Ömər aşırımı ilə yanaşı Suqovuşan-Kəlbəcər yolu ilə də hərəkətinə şərait yaradılacaq. Fermer ailələrində 18 yaşdan aşağı uzaqların işğaldan azad olunmuş ərazələrə buraxılışına icazələrin verilməsi isə Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid olduğuna görə, bu məsələ müvafiq qurumlar arasında koordinasiyalı şəkildə həll edilməlidir. Lakin hələlik bununla bağlı hər hansı razılıq yoxdur.

Əziz Qənbərli Aqrar Xidmətlər Agenliyinin fəaliyyətindən narazılığını ifadə edib. O, qeyd edib ki, Prezidet İlham Əliyevin göstərişi ilə işğöaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən iş adamlarına xüsusi vergi güzəştləri tətbiq edilir. Belə ki, sahibkarlara diqqət və qayğısı nəticəsində işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Qərara əsasən, həmin azadolmalar ərazinin rezidentinin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil ediləcək. Buna baxmayaraq, Aqrar Xidmətlər Agentliyinin göstərilməyən xidmətlərə görə fermerlərdən haqq tələb etməsi yumşaq şəkildə desək cənab Prezidentin siyasətinə uyğun olmayan fəaliyyətdir.

Bununla belə, vəkil  əmindir ki, qəbulunda olduğu nazir müavinləri problemin müsbət həlli üçün məsul şəxslər qarşısında məsələ qaldıracaq.

23.04.2024 17:21:59
Oxuma sayı: 687