Yeni sərhəd ermənilərin yaşadığı Kirants kəndinin ortasından keçəcək
Ölçü:

Dünən İrəvanda Tavuşun Kirants kəndinin sakinləri ilə Ermənistanın hökumət nümayəndələri arasında qapalı görüş keçirilib.

Koordinat.az xəbər verir ki, görüşdə Ermənistanın Baş nazir Nikol Paşinyan da iştirak edib. Erməni mətbuatı görüşün kənd sakinləri üçün yaxşı nəticələnmədiyini yazır. “Azadlıq radiosu”nun erməni xidməti yazır ki, görüşdə 10 nəfərə yaxın Kirants sakini iştirak etsə də, onlar hökumət binasını həyəcanla tərk ediblər. Onlar jurnalistlərin suallarına da cavab verməkdən imtina ediblər.

Hökumət binasını tərk edən sakinlərlə əlaqə saxlayan “Ermənistan” fraksiyasının Kirantsda doğulmuş deputatı Qeqam Nəzəryan görüşlə bağlı bəzi təfərrüatları açıqlayıb. O, deyib ki, sakinlərlə ünsiyyət zamanı bəızi narazılıqlar olub: "Vəziyyət heç də yaxşı deyil, sakinlər yenidən qeyri-müəyyənliyə düçar olublar. Paşinyan bildirib ki, sərhəd Kirants kəndinin ortasından keçə bilər. Bu o deməkdir ki, kənd sakinləri qapını açanda Azərbaycan əsgərini görəcəklər. ona görə də kənd sakinləri çıxılmaz durumdadır, onlar bilmir nə etsinlər. Biri deyir evimi yandıracağam, digəri deyir barrikada quracam və sair”.

Tavuşda jurnalistlərə danışan “Ermənistan” fraksiyasının digər deputatı Qarnik Danielyan da sərhəd razılaşmasından sonra Kirants kəndinin iki hissəyə bölünəcəyini təsdiqləyib. O, deyib ki, Baş nazir Nikol Paşinyanla görüşlərdə iştirak edən sakinlər vəziyyəti daha yaxşı anlayır: “Biz Paşinyanla görüşən sakinlərlə əlaqə saxladıq, onlar da çox narahatdırlar. Əhali arasında danışılanların hamısı həqiqətdir, bizdə olan məlumatlar təsdiqləndi. Yəni, kənd iki hissəyə bölünür, körpünün və evlərin bir hissəsi Azərbaycanın nəzarətinə keçir”.

Ermənistan hakimiyyətinə yaxın media görüşün sakinlərin problemlərinin həll edilməsi məqsədi daşıdığını yazır. Məlumata görə, 2 saat davam edən görüşdə Paşinyan hökumətin problemlərlə tanış olduğunu və bunların yerində aradan qaldırılacağını deyib.

30.04.2024 10:33:00
Oxuma sayı: 623