Azərbaycanda neftin 1 barelinin maya dəyəri 12,5 dollardır - ARAŞDIRMA
Ölçü:


Bu gün Azərbaycanın bir sıra KİV-ləri Saudi Aramco şirkətinin 5 faiz səhmlərinin açıq bazarda satılması məqsədilə investorlar üçün hazırlanmış 658 səhifəlik hesbatına istinad edib belə bir xəbər yayıblar: Azərbaycanda şelfdə neft hasilatının maya dəyəri bir barel üçün 60 dollardan çoxdur, quruda isə 49 dollar. Və...IHS Markit şirkəti "Saudi Aramco"nun hasilat qiymətlərini digər neft ölkələri ilə müqayisə edərək belə qənaətə gəlib ki, dünyada ən ucuz neft Səudiyyədədir - hər barel üçün 17 dollar.

Bu hesabat 2 gün əvvəl dərc edilib və ona cavabı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov verməliydi. Çünki Azərbaycanın 1 nömrəli ixrac məhsulu neftdir və onu da dünyanın ƏN BAHA başa gələn xammalı elan ediblər.

Nə isə... Azərbaycan 2019-cu ilin 9 ayında 28,2 mln ton neft və kondensat hasil edib. Bunun 96 faizdən çox hissəsi dəniz yataqlarının payına düşüb. Dənizdə hasil edilən neftin 78 faizini BP şirkəti AÇG yataqlarından çıxarıb. AÇG üzrə 3,6 milyard bareldən çox neft hasil edilib və kapital xərcləri də 36 milyarddollar olub, yəni 1 barelin maya dəyərinin kapital xərci 10 dollar. İstismar xərclərini də əlavə etsək, düz 12,5 dollar olar. Bunun beynəlxalq bazarlara çatdırılma xərclərini də hesablasaq - maksimum 17-19 dollar bir barel üçün (boru kəməri marşrutundan asılı olaraq).

SOCAR-ın bu yaxınlarda 2018-ci ilin yekunları ilə bağlı açıqladığı hesabatda bildirilirdi ki, onun balansında olan yataqlarda 1 ton neftin maya dəyəri 117 manat 92 qəpikdir. Yəni 1 barel üçün əmtəəlik neft 15.94 dollar.

Azərbaycan neftinin, özü də dəniz neftinin maya dəyəri 1 barel üçün 60 dollar ətrafında olması mümükünsüzdür! Əgər elə bir şey olsaydı, onda Neft Fonduna Azərbaycan neftinin 60 dollardan aşağı qiymətində mənfəət neftinin satışından gəlir daxil olmamalıydı. 2016-cı ildə neftin orta ixrac qiyməti 41,90 dollar təşkil etmiş, 2017-ci ildə isə 52,90 dollara qədər yüksəlmişdi. Bu zaman Fonda gələn gəlirlər müvafiq olaraq 5,89 milyard dollar və 7.07 milyard dollar təşkil etmişdi (gəlirin təqribən 92-93%-i mənfəət neftinin satışından formalaşır).

Bəs niyə IHS Markit şirkəti belə nəticəyə gəlib ki, dənizdə və quruda hasilat real qiymətdən 3 dəfədən bahadır?

Hesabatı diqqətlə oxusaq görərik ki, IHS Markit sözügedən qiymətləri yeni layihələrə şamil edib və 2019-cu ilin I rübünün göstəriciləri üzrə hesablama apardığını qeyd edib. Azərbaycan şelfində yeni layihəmi var? Ancaq "Şahdəniz-2"ni aid etmək olar, hansı ki, 2018-ci ilin yayında istismar perioduna qədəm qoyub. Neft ekvivalenti ilə bəli 1000 kubmetr qazın maya dəyəri 60-dan çox ola bilər.

Quruya gəldikdə isə "Muradxanlı" yatağını misal çəkmək olar - keçən il "Aran Oil" şirkəti burada istismara başlayıb. Burada hasilat çətin çıxarılan neft tipinə aiddir. Və çox kiçik həcmdədir. Onun Azərbaycanın qurudakı digər yataqlara elə bir istisi və soyuğu yoxdur.

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin direktoru
13.11.2019 10:37:00
Oxuma sayı: 42948