Ermənilərin 4 kəndin Azərbaycana qaytarmaqdan başqa yolu qalmayıb
Ölçü:

Ermənistanın Tavuş vilayətinə bitişik 4 kəndi Azərbaycanın tələb etdiyi qaydada geri qaytarmaqdan başqa yolu yoxdur.

Koordinat.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan komanda üzvləri ilə görüşündə bildirib. Ermənistandakı “Hraparak” qəzeti yazır ki, sərhədlərin delimitasiya məsələsinə dair iki ölkə arasında danışıqlara başlamasından sonra Ermənistan sözügedən kəndləri özündə saxlamaq şanslarını tamamilə itirib: “Hələ bir neçə həftə əvvəldən hakim “Vətəndaş Müqaviləsi” Partiyasında 4 kəndin təhvil verilməsi mövzusunda qızğın müzakirə gedir. Paşinyan qapalı iclasda deyib ki, geri çəkilmək üçün yolları yoxdur, əks halda, Azərbaycan müharibəyə başlayacaq. Bəziləri mübahisə ediblər ki, nə vaxtsa Azərbaycana “yox” deməliyik, bu baxımdan Tavuş ən düzgün yerdir, kəndlər təhvil verilsə, bütün bölgə Azərbaycanın nəzarətinə keçəcək. Amma həmin kəndlərin Azərbaycana qaytarılmalı olduğunu Paşinyan özü qəbul etməyə başlayıb və bunu onun komandası da başa düşür".

Nəşr yazır ki, Baş nazir son vaxtlar həm hökumətin qapalı iclaslarında, həm də Tavuş vilayətinə bitişik kəndlərin sakinləri ilə tez-tez görüşərək erməni ictimaiyyətini mövcud reallıqları nəzərə almağa hazırlaşdırır: "Paşinyan inadında qalaraq bildirib ki, Almatı bəyannaməsi var, həmin tələb beynəlxalq ictimaiyyət tərəfindən tanınan bu sənəd əsasında irəli sürülüb”.

19.04.2024 15:09:53
Oxuma sayı: 516