Ermənilərin qondarma "soyqırımı" özlərinin qəniminə çevrilir
Ölçü:


Ermənistanda “erməni soyqırımı” ilə bağlı başlayan müzakirələr Türkiyənin əlini gücləndirə bilər.

Koordinat.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Ermənistan parlamentinin komitə sədri və hakim partiyanın üzvü Andranik Köçəryanın qondarma erməni soyqırımı ilə bağlı iddiaların tarixi əsaslarının şübhə doğurması barədə açıqlamasını şərh edərkən bildirib. O, deyib ki, Baş nazir Nikol Paşinyanın ən yaxın adamı və həmfikri olan Andranik Köçəryan guya 1915-ci ildə “soyqırımı"na məruz qalan 1,5 milyon erməninin ad və soyadlarının müəyyənləşdirilməsini gündəmə gətirməsi Ermənistanın son yüz ildə yalan üzərində qurduğu siyasəti alt-üst edib: “Bu, yeni mövzudur. Necə vaxtilə Rusiyada Vladimir Jirinovski Vladimir Putinin danışan dili idi, eləcə də, Andranik Köçəryan Nikol Paşinyanın danışan dilidir. Ya onun düşüncələrini erməni cəmiyyətinə ilk söyləyənlərdəndir, ya da liderinin dediklərini əsaslandırır. Köçəryan “soyqırımı”na məruz qalanların siyahısını hazırlamayacaqları halda Türkiyənin “soyqırımı olmayıb” arqumentindən heç zaman xilas olmayacaqlarını söyləyib". 

Politoloq erməni deputatın bu mövzudan danışarkən İsraili nümunə göstərməsini də təsadüfi saymır. Onun sözlərinə görə, İsrail İkinci Dünya Müharibəsində soyqırımına məruz qalan yəhudilərin siyahısını tərtib edə bilib: "Bunun sadə izahı var, yəhudi soyqırımı məlum fakt olduğundan öldürülən şəxslərin müəyyənləşdirilməsi mümkün olub. “Erməni soyqırımı” ilə bağlı dilə gətirilən rəqəmlər isə şişirtmədir, əks halda, ermənilər də yəhudilər kimi siyahı tərtib edə bilərdilər”.

Elxan Şahinoğlu hesab edir ki, Köçəryan gündəmi alt-üst edən açıqlaması Ermənistanın ictimai həyatında şok effekti yaradıb: "Köçəryanın qondarma erməni soyqırımı ilə bağlı açıqlamasından sonra Ermənistanda durum gözlənilməz hal alıb. Belə görünür ki, Paşinyanın komandasının “soyqırımı siyahısı” barədə yanaşması erməni cəmiyyəti və diasporunda ikitirəlik yaradacaq: Ermənilər siyahı tərtib edə bilməyəcəklərini yaxşı anlayırlar, buna rəğmən, onların bir hissəsi “soyqırımı” kampaniyasından əl çəkmək istəmir. Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyən Paşinyan isə “soyqırımı” mövzusunun onun Ankara ilə danışıqlarda manevr imkanlarını məhdudlaşdırdığını anlayır. Çünki Ankara İrəvanla danışıqların sonrakı mərhələsində onunla münasibətləri normallaşdırmaq istəyən Paşinyan hökumətindən “soyqırımı” təbliğatından imtinanı da tələb edəcək".

Politoloq onu da vurğulayıb ki, Ermənistandakı radikal qüvvələr üçün Türkiyə əbədi düşməndir. Bir müddət əvvəl Ermənistan Xarici İşlər Nazirliyindəki vəzifəsindən istefa verən Edmon Marukyan “soyqırımı” təbliğatından imtinanın Türkiyənin işinə yarayacağını bildirib. Marukyan da hesab edir ki,“siyahı mövzusu”nun müzakirəsi ermənilər üçün zərərlidir və bu mövzunun müzakirəsini dayandırmaq lazımdır. Çünki Marukyan anlayır ki, bu məsələni gündəmə gətirməklə böyük uğursuzluğa düçar olaqcaqlkar.

ELxan Şahinoğlu bildirib ki, 30-a yaxın dövlət qondarma “erməni soyqırımı”nı tanıyıb. Onun fikrincə, mövzu ilə bağlı müzakirələr genişlənsə, bu, Ermənistanın mövqeyini dəstəkləyən ölkələri də pis vəziyyətdə qoyacaq: "Çünki bu müzakirələr Türkiyənin arqumentlərini gücləndirəcək: "Türkiyənin yeni arqumenti bu ola bilər ki, hətta Ermənistanın özündə “soyqırımı” ilə bağlı yekdil fikir yoxdur. Belə olan halda ermənilərin uydurma "soyqırımı"na görə dünyadan dəstək istəməsi çox gülünc görünür".

16.04.2024 17:53:14
Oxuma sayı: 665