Erməni keşişdən revanşist çağırış
Ölçü:

“Əskipara sadəcə kənd, coğrafi ərazi deyil, həm də mübarizə və qələbə rəmzinə çevrilib”.

Koordinat.az xəbər verir ki, bunu erməni apostol kilsəsinin Tavuş yeparxiyasının baş məmuru, yepiskop Baqrat Qalstanyan bildirib. O, Müqəddəs Məryəmin anım günü - ibadət zamanı sərhəd kəndinin sakinlərinə müraciətində belə revanşist iddialar irəli sürərək Qazaxın işğal altındakı kəndlərinin qaytarılmasına qarşı çıxıb.

Keşiş iddia edib ki, sərhəddə yerləşən məbəd Allahın himayəsinə şəhadət verir, həm də həyatımızın dirilməsinin simvoludur: “Biz həlledici məqamla üz-üzəyik. Məhz burada, bu ərazidə və bu anlarda erməni xalqının gələcəyinin əsasını təşkil edəcək gün hazırlanır. Həyatımız burada başlayır, amma burada bitmir. O, dirilmə yolunda sınaqlardan keçəcək”.

Bununla belə, Ermənistanda Qazax rayonunun hələ də işğal altında olan 7 və Naxçıvanın Kərki kəndinin Azərbaycana geri verilməsi ilə bağlı müzakirələr davam edir.
İlkin olaraq 4 kəndin boşaldılıb təhvil verilməsindən söhbət gedir və Paşinyan qorxur ki, əgər bu addımı atmasalar, müharibə başlaya bilər. Çünki həmin ərazilər Paşinyanın tez-tez təkrar etdiyi Ermənistanın 29,8 min kvadratkilometrlik ərazisinə daxil deyil. Bu isə o deməkdir ki, rəsmi İrəvan həmin kəndlərin Azərbaycan ərazisi olduğunu artıq  qəbul edilməyə başlayıb.

Xatırladaq ki, Azərbaycanın 8 kəndi 1992-ci ildən Ermənistanın işğalı altındadır. Bunlar Qazax rayonunun Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara, Xeyrimli, Sofulu, Bərxudarlı, Yuxarı Əskipara və Naxçıvanın Kərki kəndləridir. Bunlardan 4-ü - Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri eksklav hesab olunur. Digər 4 kənd isə anklavdır.
08.04.2024 17:40:00
Oxuma sayı: 718